Zakir Fəxrinin “Şeirlər” (“Poems”) kitabı müəllifinə təqdim olundu
03 Aprel 2018

Tanınmış Azərbaycan şairi Zakir Fəxrinin “Şeirlər” (“Poems”) kitabı işıq üzü görüb.

Şairin 70 illik yubileyi və Azərbaycan Tərcümə Mərkəzinin, milli ədəbiyyatın dünyada tanıdılması layihəsi çərçivəsində nəşr edilmiş kitaba, müəllifin ingilis və Azərbaycan dilində “Qarabağsız”, “Bir ömrün tarixi”, “Qalmaz belə, qalmaz dünya”,“ Yaza və yoza bilmədiyim yuxu”,  “Rekviyem”, “Qaranlıqdan aydınlığa”, “Qara Məlik, Qara Qəzənfər və mən” kimi məşhur şeirləri daxil edilib.

Kitab – Xalq şairi Bəxtiyar Vahabzadənin Zakir Fəxri yaradıcılığı haqqında yazdığı “Poetik düşüncənin təzəliyi” və Afaq Məsudun “Cənab Söz” essesi ilə başlayır.

 

Cənab Söz

 “Söz ta əzəldən vardı. Sözü Allah, Allahı Söz yaratdı...”

İncil

Bu gün ədəbi məkanımızı bürüyən səliqəli, naxışlı, lakin bədii cəhətdən qidasız, cansız və ruhsuz mətnlər bolluğunda itirilməkdə olan Həqiqi Ədəbiyyat tapmağın, üzə çıxarmağın, həqiqi olanı oxşarından seçib ayırmağın bir yolu da – yaranan və yaranmaqda olan bu nadir ədəbi incilərin yeni formatlarda və müstəvilərdə təqdim olunmasıdır. Şeirə gəlincə, düşünürəm, hər biri ayrı-ayrılıqda müstəsna ədəbi tutum daşıyıcısı olan bu kiçik poetik nümunələr, bütöv qəzet səhifələrinə yerləşdirilən ənənəvi şeir silsilələri, yaxud “kitab bolluğu” sindromunda azdırılmış cildlərlə yox, bir-bir, tək-tək təqdim edilməlidir. Burada əsas məqsəd – bədii fikrin, Sözün, yazıldığın anın dərəcəsində mənimsənilməsinə imkan yaradılması, “Yazılan”ın, sirli Yazı Məqamının mənzərəsində – həmin İlahi Tənhalığında təqdim edilməsidir.

Yazıb-yaratdıqlarını nəşr etməklə arası olmayan, Allaha olan sevgi, ağrılar və duyğular dolu şeirlərini, təbi gəldikcə, xeyir-şərdə dost-tanışına sədəqə kimi paylayan və bundan qəribə bir rahatlıq tapan Zakir Fəxrinin poeziyası da, həmin o itirilib-axtarılan Həqiqi Ədəbiyyatlardandır.

A.Məsud